Avropa Konfrans Liqasında qrup mərhələsinin 2-ci turu başa çatıb.
“Qarabağ” Kiprdə “Omoniya” ilə üz-üzə gəlib. Görüşə yaxşı başlayan komandamız rəqibi qapısına doğru sıxışdıra bilib. Bu epizodda meydan sahiblərinin üzvü Adam Lanq avtoqol müəllifi ola bilərdi. Amma top qapı dirəyinə tuş gəlib Hissənin sonunda Kipr klubu hesabı açıb. Yan Letsyaks fərqlənib. İlk hissə meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra “Qarabağ” futbolçuları təşəbbüsü ələ alıblar. 52-ci dəqiqədə tarazlıq bərpa olunub. Kadi Borxes uzaq məsafədən qüvvətli və dəqiq zərbə endirib – 1:1. Az sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjini Ramil Şeydayevlə əvəzləyib. Bu dəyişiklik özünü doğruldub. Meydana daxil olandan 7 dəqiqə sonra Ramil Şeydayev hesabı Qarabağın xeyrinə dəyişib. Hücümlarına ara verməyən “Qarabağ” futbolçuları 5 dəqiqədən sonra penalti qazanıblar. Kapitan Maksim Medvedev fürsəti əldən verməyib. Son saniyələrdə Ağdam klubu daha bir qol vurub. Kadi Borxes qarşılaşmada son nöqtəni qoyub. Beləliklə “Qarabağ” Kiprdə rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
Paralel keçirilən qarşılaşmada “Bazel” “Kayrat”ı 4:2 hesabı ilə məğlub edib. 2 turdan “Qarabağ” və “Bazel”in 4 xalı olsa da, daha yaxşı top fərqinə görə Ağdam klubu qrup lideri olub. “Kayrat” və “Omoniya”nın aktivində 1 xal var. Növbəti turda “Qarabağ” Bakıda “Kayrat”ı qəbul edəcək. “Omoniya” isə “Bazel”in qonağı olacaq.